Mayın 10-12-də Azərbaycanda keçiriləcək beynəlxalq turnirin - Səmti müəyyən etmə idman növü üzrə Heydər Əliyev adına Açıq Kubok Yarışının əsas məqsədi bu idman növünün geniş yayılmasıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov bildirib.
“Tədbir bu idman növünün kütləvi xarakter alması və geniş təbliği məqsədini daşıyır. Təbliğat məsələsində KİV, xüsusən də həmişə bizimlə olan və müntəzəm olaraq tədbirlərimizi işıqlandıran, bununla da bu idman növünün geniş yayılmasına kömək edən “İnterfaks-Azərbaycan” agentliyi bizə böyük dəstək göstərir”, - deyə M.Kazımov vurğulayıb. O, həmçinin respublikada bu idman növünün təşəkkül tapmasında Vergilər Nazirliyinin və Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun xidmətlərini qeyd edib. Federasiya prezidentinin sözlərinə görə, Aleksandr Mişenko yarışlarda şəxsən iştirak etməklə səmti müəyyən etmə idmanının populyarlıq qazanmasına kömək edib.
Turnirin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu söyləyən M.Kazımov təşkilatçıların bu məsuliyyəti dərk edərək onun yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstərdiklərini vurğulayıb.
Federasiya rəhbəri əmindir ki, bu idman növünün həm gənclər, həm də güc strukturları arasında inkişafı xalqa faydalı olacaq.
“Biz hesab edirik ki, səmti müəyyən etmə sağlam xalqa məxsus idman növüdür. Onun təbliği həm millətin sağlamlığının artırılmasına, həm də Azərbaycanın beynəlxalq səviyyədə geniş təmsil olunmasına xidmət edəcək”, - deyə o qeyd edib.