Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyətinin iştirakı ilə ABŞ-ın Ceymstaun Fondunda "Azərbaycan, Gürcüstan, Türkiyə: inkişaf edən strateji ittifaqın əsasları və çağırışları” mövzusunda konfrans keçirilib.
Tədbirdə Qərbin aparıcı beyin mərkəzlərinin dünyada tanınmış ekspert və analitikləri, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə mütəxəssisləri çıxış ediblər. SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "Azərbaycan-Gürcüstan-Türkiyə Əlaqələri: Regional İnteqrasiyaya dogru” mövzusunda məruzələrlə çıxış ediblər. SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı isə "Azərbaycan Avrasiyanın Mərkəzində Nəqliyyat, Logistika və Ticarət Mərkəzi kimi”mövzusunda çıxış edib.
Həmin gün SAM nümayəndə heyəti Vudro Vilson Beynəlxalq Mərkəzində "Nabucco sonrası: Cənub Qaz Dəhlizi və Avropa Enerji Təhlükəsizliyində yeniliklər” mövzusunda konfransda iştirak edib.
Konfransda SAM-ın direktoru Fərhad Məmmədov "Region və Cənub Dəhlizinə Strateji Baxış”, millət vəkili Asim Mollazadə "Enerji sahəsindəki inkişaf, regional və beynəlxalq təsirlər” mövzularında çıxış ediblər.
Bundan başqa, SAM-ın direktor müavini Gülşən Paşayeva Çoxşaxəli Diplomatiya İnstitutunun prezidenti , sabiq səfir Con Mak Donaldla görüşərək, ona mərkəzin fəaliyyəti barədə danışıb.
Daha sonra SAM-ın nümayəndə heyəti Heritage Fondunun ekspertləri Ariel Koen və Jim Robertslə görüş keçirib. Nümayəndə heyəti görüşdə Azərbaycanın siyasi və iqtisadi inkişaf yolu, ölkədə aparılan institusional islahatlar və onun regionda oynadığı rola diqqət yönəldib.
V.Qasımlı Azərbaycanın iqtisadi azadlıq indeksinin qiymətləndirilməsində daha ədalətli yanaşmanın zəruriliyini vurğulayıb. Görüşdə həmçinin Peterson İnstititu və SAM arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycanlı ekspertlər tərəfindən daha iki mühazirə Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli Məktəbində oxunub. G.Paşayeva ”Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində diplomatiyanın ikinci istiqaməti” mövzusunda mühazirə ilə çıxış edib.