İcbari Sığorta Bürosu (İSB) yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaşın ağır xəsarət alması ilə əlaqədar 1,5 min manat məbləğində kompensasiya ödəyib. Bu barədə büronun məlumatında deyilir.
Yol-nəqliyyat hadisəsi 2012-ci il aprelin 24-də Bakı şəhərinin Xətai rayonu ərazisində baş verib.
“Kompensasiya ödənişi 30 aprel tarixində qeyri-nağd üsulla (poçt vasitəsilə) həyata keçirilib”, - deyə məlumatda qeyd olunub.
Bu, büro tərəfindən həyata keçirilən beşinci kompensasiyadır.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 11 sığorta şirkəti büronun üzvüdür
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.
Büronun təsisçisi və ya üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat təşkil edir.