2013-cü ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2 mlrd. 143 mln. 142,885 min manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 41,85% azdır. Bu barədə birjanın məlumatında bildirilir.
Ümumi dövriyyədən 89,7% əqd dövlət qiymətli kağızlarının payına düşüb. Onların həcmi 1 mlrd. 922 mln. 333,949 min manat (azalma 46,75%), korporativ sektorda əqdlər 220 mln. 808,935 min manat (artım 2,9 dəfə) təşkil edib.
Hesabat dövründə Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirilmənin həcmi 151 mln. 956,761 min manat (azalma 60,98%), təkrar bazarda 43 mln. 955,612 min manat (artım 5,4 dəfə) təşkil edib. Yanvar-aprel aylarında Repo əməliyyatları 1 mlrd. 726 mln. 421,575 min manat (azalma 46,24%) təşkil edib.
2013-cü ilin yanvar-aprel aylarında ilkin bazarda yerləşdirilən korporativ istiqrazların həcmi 26 mln. 812,001 min manat (artım 39,03%), təkrar bazarda 42 mln. 733,224 min manat (artım 55,58%) təşkil edib.
Hesabat dövründə birja meydançasında 147 mln. 670,667 min manat (artım 5,3 dəfə), təkrar bazarda 3 mln. 593,042 min manat həcmində səhm (artım 4,2 dəfə) yerləşdirilib.
Xəbər verildiyi kimi, 2012-ci ildə BFB-də bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 9 mlrd. 1 mln. 802,009 min manat təşkil edib, bu isə 2011-ci ilin göstəricisindən 6,79% çoxdur.