Nəqliyyat Nazirliyi 2013-cü ilin sonuna kimi Bakıda marşrut avtobuslarında kart ödəniş sistemini tətbiq etməyi planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
“Hazırda avtobuslarda avadanlıq quraşdırırıq və sürücülər üçün təlimlər keçirəcəyik. Cari ilin sonunadək Bakıda avtobuslarda gediş haqqı yalnız elektron kartlar vasitəsilə ödəniləcək”, - deyə M.Pənahov bildirib.
Onun sözlərinə görə, yaxın perspektivdə bu kartlar vasitəsilə parkinq xidmətlərindən istifadəyə görə də ödəniş həyata keçirmək mümkün olacaq.
“Bundan başqa, gələcəkdə bu kartlardan alış-veriş zamanı istifadə olunması mümkündür. Bu, bank kartıdır və onu saxtalaşdırmaq mümkün deyil”, - deyə M.Pənahov bildirib.
O, həmçinin qeyd edib ki, hazırda Bakı Metropoliteni ilə birgə metroda ödəniş kartlarının ictimai nəqliyyatda vahid ödəniş kartı sisteminə inteqrasiya olunması ilə bağlı birgə işlər aparır.