Cümə axşamı Pakistan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri İkramullah Məhsud etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Mövcud əməkdaşlığın müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən İ.Əliyev bu əməkdaşlığı iqtisadiyyatın bütün sahələrində də genişləndirmək üçün səyləri artırmağın zəruriliyini bildirib.
İ.Əliyev iki dövlətin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməsinin önəmini qeyd edərək güclü tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu deyib.
İ.Məhsud ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.