Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev beynəlxalq birliyi Ermənistan-Azərbaycan münaqişəsində status- kvonun dəyişdirilməsi üçün ciddi səylər göstərməyə çağırıb.
“Azərbaycan Cənubi Qafqaz regionunun inkişafı üçün öz potensialından istifadə edir, lakin həllini tapmamış Ermənistan-Azərbaycan münaqişəsi regional inkişafa ciddi maneə törədir”, - deyə E.Abdullayev cümə axşamı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ABŞ-a rəsmi səfəri çərçivəsində Kolumbiyanın Harriman İnstitutunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
XİN nümayəndəsi qeyd edib ki, münaqişənin bu günə qədər həll olunmamasına baxmayaraq, dünya birliyi Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına laqeyd münasibət göstərməkdə davam edir. E.Abdullayev bu ölkənin işğal siyasətinə ədalətli reaksiya verilməsinin vacibliyini vurğulayıb.
Görüşdə əsasən Amerika-Azərbaycan münasibətlərinin inkişafına dair məsələlərə və regionda cərəyan edən proseslərə toxunulub.
Həmin gün Stratfor Beyin Mərkəzində “Azərbaycan regionun enerji körpüsüdür” mövzusunda keçirilən seminarda SAM nümayəndələri amerikalı həmkarları ilə ikitərəfli elmi əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Azərbaycan nümayəndə heyətinin üzvləri “Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzidir”, “Azərbaycana geosiyasi baxış” mövzularında məruzələrlə çıxış ediblər.