Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən AB-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib. Bu barədə AB-nin saytında məlumat verilir.
AB nümayəndəliyinə isveçli diplomat Malena Mard rəhbərlik edəcək. M.Mard buna qədər İsveç Xarici İşlər Nazirliyində Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışıb. Bundan əvvəl isə ölkəsinin Sankt-Peterburq, Dəkkə və Brüsseldəki nümayəndəliklərində fəaliyyət göstərib.
K.Eşton Azərbaycanla yanaşı, Dominikan Respublikası, Honduras, Paraqvay, Şri-Lanka və Qırğızıstanda analoji postlara yeni rəhbərlər təyin edib.
M.Mard bu postda Roland Kobianı əvəzləyəcək.