İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Gəncə şəhərinin rəhbərliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Gəncədə tikinti-quruculuq işlərinin sürətlə getdiyinin şahidi oldum. İran müxtəlif tikinti materialları ixrac edən ölkədir. Bunu nəzərə alaraq biz bu sahədə geniş əməkdaşlıq edə bilərik”, – deyə səfir Gəncədə jurnalistlərə bildirib.
İran diplomatının sözlərinə görə, tərəflər qida sənayesi və kənd təsərrüfatı məhsulları sahəsində də əməkdaşlıq edə bilərdilər. Bununla yanaşı, o, Gəncədə iranlı sahibkarların uğurlu fəaliyyətini qeyd edib. “Azərbaycanda təxminən 200 İran şirkəti fəaliyyət göstərir. İki ölkə arasında 80-dək əməkdaşlıq müqaviləsi imzalanıb”, - deyə Möhsün Pak Ayin qeyd edib.
M.Pak Ayinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşündə tərəflər Gəncə və Təbriz şəhərlərinin qardaşlaşması, eləcə də İran vilayətlərində Gəncə günlərinin keçirilməsi perspektivlərini müzakirə ediblər.