Amerikanın “Kinemetrics” şirkətinin nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar”, “Ümid” və “Günəşli” yataqlarının yaxınlığında quraşdıracağı dənizdibi seysmik stansiyaların layihələndirmə işləri ilə əlaqədar müzakirələr aparıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Səfər çərçivəsində amerikalı ekspertlər mərkəzin direktoru Qurban Yetirmişli ilə görüşərək, Azərbaycan Dövlət Neft Şirkəti, ”Xəzərneftqaz” Layihə İnstitutu və Xəzər Dəniz Neft Donanması nümayəndələrinin iştirakı ilə layihənin son mərhələsinə dair məsələləri müzakirə ediblər.
Müzakirələr zamanı Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılacaq seysmik stansiyaların tikintisinin bu ilin payızınadək başa çatdırılmasına toxunulub, ilkin quraşdırma işlərinin “Bahar” yatağı ətrafında aparılması nəzərdə tutulub. 3 dənizdibi seysmik stansiya quraşdırılıb istismara verildikdən sonra bu stansiyaların sayının gələcəkdə 10-a çatdırılması nəzərdə tutulur.