Mayın 3-də Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı üçgünlük konfransın son günündə tədbirin yekunlarına dair məruzələr dinlənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Tədbirə ev sahibliyi edən Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla müxtəlif dövlətlərin ali məktəbləri, müəllim və tələbələri arasında dostluq əlaqələrinin qurulması və möhkəmləndirilməsi nöqteyi-nəzərindən belə tədbirlərin keçirilməsinin əhəmiyyətli rol oynadığını vurğulayıb.
“Biz bir-birimzə müəyyən intellektual enerji ötürməyə çalışdıq, Gəncə, Sumqayıt və digər regionların ali məktəbləri də bizə qoşuldular”, - deyə K.Abdulla bildirib.
Onun sözlərinə görə, konfransda Türkiyə, Rusiya, Litva, Gürcüstan, Polşa, Ukrayna, ABŞ, Qazaxıstan, Bolqarıstan, Avstriya və digər dövlətlərdən qonaqlar iştirak ediblər.
“Belə tədbirlərin keçirilməsi bizə başqa ölkələr barədə daha çox məlumat əldə etməyə, şəhərimizin qonaqlarına isə Azərbaycanla yaxından tanış olmağa imkan verir”, - deyə rektor bildirib.
O həmçinin söyləyib ki, qonaqlar Bakıda olarkən muzeylərə gedib, Azərbaycanın regionları ilə tanış olub, milli mətbəximizin yeməklərini dadıblar.
Konfransın sonunda ali məktəblər arasında əməkdaşlığa dair müqavilə və protokollar imzalanıb.