Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 120 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə SKMF-in saytında yerləşdirilmiş məlumatda deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 1109 investisiya layihəsi maliyyələşdirilib.
Bu layihələrin maliyyələşdirilməsi 4,3 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
Cümə günü SKMF Gədəbəy rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir təşkil edib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edib.
Tədbirdə qeyd olunub ki, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara indiyədək SKMF-in xətti ilə 101,2 mln. manat məbləğində 2,9 minə qədər güzəştli kredit verilib.
“Cümə günü tədbir çərçivəsində 42 sahibkarlıq subyekti 3,8 mln. manat məbləğində güzəştli kredit alıb. Bu layihələrin maliyyələşdirilməsi 260-dan artıq yeni iş yerinin yaradılmasına imkan verəcək. Kredit vəsaitləri kənd təsərrüfatı məhsullarının emalı, heyvandarlıq və tərəvəzçiliyin inkişafı üzrə layihələrin həyata keçirilməsinə yönəldiləcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə ümumilikdə 250 mln. manat kredit verməyi planlaşdırır.