Azərbaycan Mərkəzi Bankı kreditlər üzrə yüksək dərəcələrin səbəblərini müəyyən etmək məqsədilə kommersiya bankları ilə müzakirələr aparmağı planlaşdırır. Bu barədə şənbə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov söyləyib.
“Məsələni (kreditlər üzrə dərəcələrin azaldılması – İF-Az) məcburi göstərişlər yolu ilə həll etmək olmaz. Bu məsələ iqtisadi üsullarla həll olunmalıdır. Biz bunu anlayırıq və qeyd olunan istiqamətdə müzakirələr aparmaq üçün banklarla qeyri-rəsmi görüş keçirməyi planlaşdırırıq”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, AMB kreditlər üzrə dərəcələrə təsir edən amillərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparır.
E.Rüstəmov həmçinin qeyd edib ki, AMB 200 və 500 manatlıq əskinasların tədavülə buraxılması məsələsini təxirə salmağı qərara alıb.
AMB rəhbəri Azərbaycanda inflyasiyanın səviyyəsi məsələsinə də toxunub. “İnflyasiyanın aşağı səviyyədə olması bizi sevindirir. Bundan başqa, bu, iqtisadi sabitliyin göstəricisidir. Məqsədimiz inflyasiyanı birrəqəmli səviyyədə, daha əvvəl bəyan etdiyimiz həddə saxlamaqdır (orta illik inflyasiya 5-6% səviyyəsindədir - İF-Az). Buna nail olmaq üçün real imkanlar mövcuddur”, - deyə E.Rüstəmov əlavə edib.