Vergilər Nazirliyi 2013-cü ilin aprel ayı ərzində 4386 vergi ödəyicisinin fəaliyyətində qanunvericiliyin pozulması faktları aşkar edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata görə, 2226 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 439 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu müəyyən edilib.
Bundan başqa, 716 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olması, 222 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Hesabat ayında 400 vergi ödəyicisi tərəfindən 525 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 133 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 125 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5286 ədəd mal olduğu aşkarlanıb.