Azərbaycan Dillər Universiteti (ADU) və Qlazaqo Universiteti arasında tələbə mübadiləsi haqqında müqavilə bağlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADU-dan məlumat verilib.
Tələbə (magistr) mübadiləsinə dair sənəd Milli Məclisin deputatı, ADU-nun rektoru, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin Böyük Britaniyaya səfəri çərçivəsində imzalanıb.
Səfər zamanı S.Seyidov Qlazqo Universitetinin rəhbərliyi ilə görüşüb. Görüşdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Müqaviləni ADU-nun rektoru S.Seyidov və Qlazqo Universitetinin rektoru, professor Anton Muskateli imzalayıblar.
Sənədə əsasən, ADU-nun tələbələri təhsillərini Qlazqo Universitetində davam etdirmək imkanı əldə edəcəklər. Bundan başqa, ali məktəblər arasında əməkdaşların mübadiləsi, birgə konfransların təşkili nəzərdə tutulur.
Bununla yanaşı, ADU və Britaniyanın Suffolk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.