Bazar ertəsi xarici işlər naziri Elmar Məmmədyarovun Şri Lanka Demokratik Sosialist Respublikasının xarici işlər naziri Gamini Lakşman Peiris ilə görüşü zamanı əməkdaşlığa dair protokol imzalanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şri Lankaya səfər çərçivəsində xarici işlər naziri E.Məmmədyarov ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli inkişaf üçün geniş potensialın mövcudluğunu qeyd edib. Nazir Şri Lankanın çay istehsalı sahəsində zəngin təcrübəsini nəzərə alaraq, bu sahədə ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb.
Nazir həmçinin mədəniyyət, enerji, turizm, dəniz nəqliyyatı sahələrində əməkdaşlıq üçün imkanların olduğunu nəzərə çatdırıb.
E.Məmmədyarov müharibədən sonra Şri Lankanın əldə etdiyi tərəqqini yüksək qiymətləndirib və həmkarının diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə yönəldərək, Ermənistanın işğalçı siyasəti ilə özünü regionda gedən inkişaf proseslərindən təcrid etdiyini, bu ölkənin təcavüzkar və işğalçı siyasətdən əl çəkəcəyi təqdirdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə baş tutan regional inkişaf proseslərindən faydalana biləcəyini qeyd edib.
G.Lakşman Peiris iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bu münasibətlərin iqtisadi, ticarət, investisiyalar, enerji və turizm sahələrini də əhatə etməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın enerji sahəsində tarixi ənənələrinin və zəngin təcrübəsinin olduğunu nəzərə alaraq, bu istiqamətdə iki ölkənin əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirib.
Səfər çərçivəsində E.Məmmədyarov həmçinin Şri Lankanın iqtisadi inkişaf naziri Basil Racapaksa ilə görüşüb.
B.Racapaksa Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, iki ölkə arasında turizm, mədəniyyət, qarşılıqlı investisiyaların qoyulması kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.
E.Məmmədyarov Azərbaycanın Asiya regionu ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Nazir iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi üçün müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Görüşün yekunları üzrə nazirlər iki ölkənin iqtisadi əməkdaşlıq potensialının öyrənilməsi məqsədilə hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsi üzrə razılığa gəliblər.