Azərbaycan Baş Prokurorluğu Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri tərəfindən 2 mln. manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi açıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 1 oktyabr 2011-ci il tarixdən 1 mart 2013-cü il tarixədək olan dövrü əhatə edən müddət ərzində apardığı araşdırmalarla mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin hesablanması və ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara yol verilərək ümumilikdə 2 mln. 236 min manat məbləğində vəsaitin mənimsənilməsi aşkar olunub. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalarla həmin xüsusatlar təsdiqini tapıb. Bununla əlaqədar Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.