Qadınlar dünyada mövcud olan münaqişələrin həllində mühüm rol oynaya bilərlər. Bu barədə İordaniya kraliçası Nur əl Hüseyn bu gün Bakıda işə başlayan Birinci Cənubi Qafqaz Forumunda çıxışı zamanı bəyan edib.
O, beynəlxalq birliyi dünyada maliyyə sabitliyinə və yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaq məqsədilə birgə səy göstərməyə çağırıb.
“Biz hər bir insanı narahat edən problemləri həll etməyə çalışmalıyıq”, - deyə İordaniya kraliçası vurğulayıb.
Onun sözlərinə görə, dünyada mövcud olan münaqişələr nəticəsində 1 mln.-dan çox insan itkin düşüb.
“Bu göstərici hər il 150 min nəfər artacaq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4600 nəfər itkin düşüb”, - deyə Nur əl Hüseyn vurğulayıb.
Kraliça söyləyib ki, münaqişənin həlli itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirməyə kömək edə bilər. O, Balkan münaqişəsinin həllinin 20 min insan haqqında məlumat almağa kömək etdiyini xatırladıb.
“Azərbaycan həm ərazi, həm əhalisinin sayı baxımından İordaniyaya çox bənzəyir, lakin biz Azərbaycanın sərvətləri barədə yalnız xəyal qura bilərik”, - deyə o vurğulayıb.
Nur əl Hüseyn, həmçinin Nizaminin dünya fəlsəfi fikrinə bəxş etdiyi töhfələr barədə də danışıb (Nizami Gəncəvi Beynəlxalq Mərkəzi forumun təşkilatçılarından biridir - İF-Az).