Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev 23 aprel 2013-cü il tarixində “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” sərəncam imzalayıb. Birdəfəlik maddi yardımın verilməsi üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 9 mln. manat ayrılıb.
700 manat məbləğində birdəfəlik maddi yardımı 25,208 min nəfər alacaq, bunlardan 2,201 min nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır.
Daha 23,007 min nəfər 300 manat məbləğində birdəfəlik maddi yardım alacaq. Onlar Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad mühasirəsinin iştirakçılarıdır.
“1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımın məbləğinə görə Azərbaycan MDB ölkələri içərisində ilk yerdədir”, - deyə məlumatda vurğulanır.