Milli Məclis çərşənbə axşamı Amnistiya Aktını qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Amnistiya Aktı haqqında qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya məxsusdur.
“Amnistiya 9 mindən artıq məhkuma şamil olunur. Onlardan 2 mindən artıq şəxs azadlığa buraxılacaq. Ümid edirəm ki, azadlığa çıxan şəxslər səhvlərini anlayacaq və bir daha onları təkrar etməyəcəklər”, - deyə M.Əliyeva bəyan edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, amnistiya 9 mindən artıq şəxsə, yəni Azərbaycanda cəza çəkənlərin üçdə bir hissəsinə şamil olunur.