Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edir ki, Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan regional neqativ qüvvələr var.
“Azərbaycanın nail olduğu tərəqqinin dayanması və davam etməməsi üçün hər cür səy göstərməyə hazır olan qüvvələr mövcuddur”, - deyə M.Saakaşvili bu gün Bakıda jurnalistlərə bildirib. Onun sözlərinə görə, “bu, Azərbaycanın inkişafının özlərini imperiya ambisiyaları olmadan təsəvvür edə bilməyən qüvvələrin yuxusunu ərşə çəkməsi ilə izah olunur”.
“Çünki bugünkü müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan nümunə göstərib və buna görə biz onu qorumalıyıq”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, bu gün regionun gələcəyi Bakıda həll olunur.
“Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın, Ukraynanın, Moldovanın, ümumiyyətlə postsovet ölkələrinin müstəqilliyidir”, - deyə M.Saakaşvili bildirib.
Gürcüstan prezidenti söyləyib ki, Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi kimi məsələlər bu regionda, xüsusilə Azərbaycanda həll olunur.
“Azərbaycanın sabitliyi və inkişafı, bütün siyasi proseslərin sakit, dinc məcrada inkişafı göstərir ki, bizim son illər ərzində əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək”, - deyə M.Saakaşvili qeyd edib.