MDB-yə üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələri Böyük Vətən müharibəsinin 68-ci ildönümü və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edəcəklər.
Belarusun Azərbaycandakı səfirliyindən verilən məlumata görə, diplomatik missiyaların nümayəndələri Bakının Nərimanov rayonunda Xatirə kompleksi önünə əklil qoyacaqlar. Mərasimdə həmçinin yerli İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti, müharibə veteranları və arxa cəbhə zəhmətkeşləri təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Bundan başqa, MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri Heydər Əliyevin xatirəsini yad edəcək və onun məzarı önünə əklil, o cümlədən Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyacaqlar.
Belarus səfirliyinin nümayəndələri Belarusun alman-faşist işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə xüsusi fərqlənmiş Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov və Nəcəfqulu Rəfiyevin abidələri önünə də gül dəstələri qoyacaqlar.