BMT-nin Cenevrə bölməsində - Millətlər Sarayında Avropa Şurasının təşkilatçılığı ilə “Müasir Avropa rəssamlığında şəhər mənzərəsi” adlı rəsm sərgisində azərbaycanlı rəssamların əl işləri təqdim edilib. Bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Ekspozisiyada Avropa Şurasının 15 üzv dövlətinin rəssamlarının müxtəlif şəhərlərin görüntülərini əks etdirən əl işləri yer alıb.
Rəsm sərgisində Azərbaycan Elşən Sərkanoğlunun “Səhərlə gecə arasında” və Gülarə Məcidovanın “İçərişəhərdə günorta” adlı rəsm əsərləri ilə təmsil olunur.
Sərgidə Azərbaycanla yanaşı, Andorra, Avstriya, Kipr, Estoniya, Gürcüstan, Almaniya, İtaliya, Litva, Portuqaliya, Moldova, Rumıniya, Rusiya, Sloveniya və İsveçrə rəssamlarının əl işləri nümayiş etdirilir.
Açılış mərasimində BMT-nin Cenevrə bölməsinin baş direktoru Kasım-Comart Tokayev çıxış edib.
Sərgi mayın 24-nə qədər davam edəcək.