Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 17-18-də Krakov şəhərində “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin XİN başçılarının görüşündə iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Polşanın Bakıdakı səfirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, eləcə də Vışeqrad Qrupu ölkələri - Macarıstan, Polşa, Slovakiya və Çexiyanın XİN başçıları iştirak edəcəklər.
Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton və AB-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə də görüşlər keçirəcəklər.
Qeyd edək ki, Krakovda həmçinin Azərbaycan və Ermənistan XİN başçılarının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində görüşü nəzərdə tutulub.