İyunun əvvəlində Cenevrədə Azərbaycan hökuməti və Ümumdünya Ticarət Təşkilatının Katibliyi (ÜTT) arasında danışıqların növbəti raundu keçiriləcək. Bu barədə cümə günü jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
Azərbaycan tərəfi iyunun əvvəlində Cenevrədə Hindistan, Cənubi Koreya və Çinlə mal və xidmətlərin tarifləri ilə bağlı məsələlər ətrafında ikitərəfli danışıqlar aparmağı planlaşdırır.
“Bundan başqa, Argentina və Braziliya ilə Azərbaycanın kənd təsərrüfatı sektoruna subsidiyaların verilməsinə dair ikitərəfli danışıqlar aparılacaq”, - deyə M.Məmmədquliyev qeyd edib.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün ərizə verib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin may ayında Oman və BƏƏ, 2010-cu ilin may ayında Gürcüstan, 2012-ci ildə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqda ikitərəfli protokol imzalayıb. Moldova ilə də analoji protokolun imzalanması planlaşdırılır.