“AXA Mbask” Fransa-Azərbaycan sığorta şirkəti 2013-cü ilin əvvəlindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polisləri üzrə 500 min manatdan artıq ödəniş edib. Bu barədə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, “AXA Mbask” üçüncü tərəfin ölümü ilə nəticələnmiş hadisə ilə əlaqədar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə növbəti ödənişi həyata keçirib.
“Şəki-Qax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığortanın bu növü üzrə ödəniş həyata keçirilib. Qəza nəticəsində dörd nəfər həlak olub. Şirkət tərəfindən 20 min manat məbləğində sığorta ödənişi zərərçəkmiş tərəflərin qohumlarına verilib”, - deyə məlumatda qeyd olunur.
“2013-cü ilin əvvəlindən şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası polisləri üzrə artıq 500 min manatdan artıq ödəniş edilib”, - deyə məlumatda vurğulanır.
2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi tətbiq edilib. Xüsusilə, 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3, 16-dan artıq yerə görə əmsal 4 tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və sığorta haqlarının yığım həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Şirkətin nizamnamə kapitalı 6 mln. 730,840 min manata bərabərdir. Şirkətin səhmdarları AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros şirkətləri (51%) və Azərbaycan vətəndaşı Eldar Qəribovdur (49%).
2013-cü ilin I rübündə şirkətin sığorta haqları 3 mln. 133,292 min manat, ödənişləri 1 mln. 843,160 min manat təşkil edib.