Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dəmir-beton məhsullarının istehsalı ilə məşğul olan “Sabirabad Dəmir Beton” SC-nin 99,92%-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Elana əsasən, nominal dəyəri 2 manata bərabər olan 410,237 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanmış investisiya proqramı müasir standartlara cavab verən tikinti materiallarının istehsalına və müəssisənin fəaliyyətinin bərpa edilməsinə yönəldilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 490 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələri təsdiqləndiyi andan etibarən 30 gündən gec olmayaraq imzlanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi investisiyanın elan olunmuş həcminin 5%-ni 60 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlər üçün nəzərdə tutulan vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2013-cü il iyunun 12-nə qədər qəbul ediləcək. Təkliflər iyunun 14-də qiymətləndiriləcək.
“Sabirabad Dəmir Beton” SC Sabirabad rayonunun Qalaqayın kəndində yerləşir. Hazırda müəssisədə 9 nəfər işçi çalışır.
2013-cü il aprelin 1-nə müəssisənin nizamnamə kapitalı 812,108 min manat təşkil edir və bir qiymətli kağızın nominal dəyəri 2 manata bərabər olan 410,237 min ədəd səhmə bölünüb.
2013-cü il aprelin 1-nə SC-nin öhdəlikləri 58,35 min manata, debitor borcları 44,991 min manata bərabərdir.