2013-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 5% aşağı düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2012-ci ilin müvafiq dövrünə nisbətən qiymətlər 8,7% ucuzlaşıb.
Aprel ayında daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə qiymətlər 0,5% bahalaşıb.
Xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 5,7%, metal filizlərinin hasilatı üzrə 2,3% ucuzlaşıb.
Aprel ayında emal sənayesi bölməsində maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə qiymətlər 7%, tütün məmulatlarının istehsalı üzrə 6,4%, kağız və karton istehsalı üzrə 6,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 5,3%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 4%, tikinti məmulatlarının istehsalı üzrə 1,5%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 1,3%, toxuculuq sənayesi üzrə 1,2%, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1%, qida məhsullarının istehsalı üzrə 1%, neft məhsullarının istehsalı üzrə 0,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,3% ucuzlaşıb.
Aprel ayında əczaçılıq məhsullarının istehsalı üzrə qiymətlər 4,8%, kimya sənayesi üzrə 3%, geyim istehsalı üzrə 2,2%, metallurgiya sənayesi üzrə 1,1%, poliqrafiya fəaliyyəti üzrə 0,8%, avtomobil və qoşquların istehsalı üzrə 0,2%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,1% bahalaşıb.