Milli Məclis Cinayət Məcəlləsinə KİV-lərdə və internet informasiya ehtiyatında böhtan və təhqirə görə cəza tətbiq edilməsini nəzərdə tutan düzəlişləri qəbul etməyə hazırlaşır.
Milli Məclisin Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin iclasında müvafiq qanun layihəsinə baxılıb və parlamentin plenar iclasında müzakirə olunmaq üçün tövsiyə edilib.
Təklif olunan dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə kütləvi internet informasiya ehtiyatlarında təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb edilməni nəzərdə tutan müddəalar daxil ediləcək.
Sənəddə bildirilir ki, qanun layihəsinin hazırlanması zamanı xarici ölkələrin, o cümlədən Avropa dövlətlərinin bu sahədə təcrübəsindən istifadə olunub.
“Layihə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına uyğun hazırlanıb”, - deyə sənəddə qeyd edilir.
Cinayət Məcəlləsinə sözügedən dəyişikliklərin daxil edilməsi internet informasiya ehtiyatlarında təhqir və böhtan cinayətlərinin daha səmərəli şəkildə qarşısının alınması, belə hallara qarşı mübarizənin gücləndirilməsi, habelə insan hüquq və azadlıqlarının qorunmasını təmin edəcək.
Hazırda 147-ci maddə (böhtan) böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yaymaya görə 500 manatadək cərimə və ya 240 saatadək müddətdə ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində səxsiyyətin şərəf və ləyaqətinin alçaldılması 300 manatdan 1 min manatadək və ya 240 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.