Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Yavuz Özgenə məxsus obyektdə şirniyyatların istehsalında bir sıra pozuntular aşkar edib. Bu barədə SMPDK-nın məlumatında deyilir.
Y.Özgenin sahibi olduğu obyektdə aparılan yoxlama zamanı müəyyən olunub ki, şirniyyatların istehsalı sanitariya norma və qaydalarının pozulması ilə həyata keçirilir, məhsul AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq istehsal olunur.
Bundan başqa, müəssisədə yoxlanılan biskvitli-kremli tortlar və şərq şirniyyatları sertifikatlaşdırılmadan istehsal olunur, məhsulların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatlar mövcud deyil, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan, həmçinin markalanma aparılmadan istehsal olunur.
Aşkar olunmuş nöqsanlarla əlaqədar Dövlət Komitəsi fiziki şəxs Y.Özgenə sexdə biskvitli-kremli tortların və şərq şirniyyatlarının istehsalı və satışını qadağan edib.