Dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında imzalanmış hərbçilər arasında birinci Dünya Futbol Kubokunun təşkilinə dair sazişin təsdiqlənməsi haqqında qanun layihəsi müzakirə olunub.
Komitə sədri, parlamentin spikerinin birinci müavini Ziyafət Əsgərov sənədi təqdim edərkən qeyd edib ki, bu ilin fevral ayında Bakıda imzalanmış saziş Azərbaycanda iyunun 30-dan iyulun 16-na qədər hərbçilər arasında birinci Dünya Futbol Kubokunun keçirilməsini nəzərdə tutur. Bu barədə AzTV dövlət televiziya kanalı məlumat verir.
FİFA, Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil edilən turnirdə 16 komanda iştirak edəcək.
Dünya Kuboku yarışlarına Afrika və Amerikadan ayrı-ayrılıqda 4 komanda, Asiya və Avropanın hər birindən 3 komanda qatılacaq. Azərbaycan yığması turnirdə ev sahibi qismində, Əlcəzair komandası hazırkı dünya çempionu kimi iştirak edəcək.
İclasın yekunları üzrə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə edilmək üçün tövsiyə olunub.