Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda İnzibati Xətalar Məcəlləsinə müxtəlif növ pozuntulara görə inzibati cəzanın sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunvericiliyə təklif olunan düzəlişlər barədə məlumat verib.
Qəbul olunan düzəlişlərə əsasən, İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsində yalnız istisna hallarda inzibati xətaların ayrı-ayrı növlərinə görə tətbiq olunan inzibati həbs müddəti 15 gündən üç aya qədər artırılıb.
Döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati həbs müddəti 15 gündən iki aya qədər artırılıb (İXM, maddə 38-1).
Azərbayacn Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə inzibati həbs müddəti 15 gündən iki aya qədər artırılıb (maddə 68-1).
Xırda talama (maddə 69), o cümlədən, nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə (maddə 152) görə inzibati həbs müddəti 15 gündən bir aya qədər artırılıb.
İnzibati Xətalar Məcəlləsinə qəbul edilən dəyişikliklərə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati həbs müddəti 15 gündən bir aya qədər artırılıb (maddə 152-1).
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati həbs müddəti 5 gündən 15 günədək artırılıb. Analoji xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati həbs müddəti 15 gündən 1-2 ayadək artırılıb.
Avtoxuliqanlığa görə inzibati həbs müddəti 5-10 gündən 15-30 günədək və 10-15 gündən bir-iki ayadək artırılıb (maddə 296-1).
Toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasına görə inzibati həbs müddəti 15 gündən iki aya qədər (maddə 298), polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamağa görə 15 gündən bir aya qədər artırılıb (maddə 310).
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər barəsində inzibati həbs müddəti 10 gündən bir aya qədər artırılıb (İXM, maddə 313-1).