Azərbaycan iş adamları iyunun 26-28-də İstanbulda keçiriləcək türkdilli ölkələrin qida və kənd təsərrüfatı məhsullarından ibarət sərgidə iştirak edəcəklər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
Sərgidə azərbaycanlı iş adamları ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iş adamları da iştirak edəcəklər.
Hər bir iştirakçı ölkə üçün 100 kvadratmetrlik sahə nəzərdə tutulub.
Sərginin təşkilatçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.