Azərbaycan və Rusiya arasında Bakı-Novorossiysk kəməri ilə neft tranzitinə dair hökumətlərarası saziş ləğv edildikdən 6 ay sonra qüvvədən düşür. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.
V.Ələsgərov 1995-2005-ci illərdə SOCAR şirkətində Xarici Sərmayələr İdarəsinə rəhbərlik edib.
“Müqavilənin şərtlərinə əsasən, tərəflərdən hər biri müqavilədən çıxmaq hüququna malikdir. Sənəd ləğv edildikdən 6 ay sonra hüquqi qüvvəsini itirir”, - deyə V.Ələsgərov bildirib.
O, həmçinin qeyd edib ki, “müqavilənin ləğv edilməsinin əsl səbəbini Rusiya bilir”.
Daha əvvəl SOCAR-dakı (Azərbaycan Dövlət Neft Şirkəti) mənbə qeyd edib ki, sözügedən müqavilənin ləğv edilməsi 2014-cü ildən tez olmayaraq qüvvəyə minə bilər. Onun sözlərinə görə, Azərbaycan neftinin Rusiya ərazisindən tranziti haqqında müqavilənin müddəti tərəflərdən heç birinin etirazı olmadan avtomatik olaraq hər il uzadılır. 2013-cü il üçün müqavilənin müddəti avtomatik olaraq uzadılıb. Buna görə də Rusiya hökumətinin müqavilənin ləğv olunması barədə qərarı bu il SOCAR-ın tranzit əməliyyatlarına təsir göstərməyəcək.
SOCAR 2013-cü ildə Bakı-Novorossiysk kəməri ilə 1,8 mln. ton həcmində neft nəql edəcəyini bəyan edib.
RF baş naziri Dmitri Medvedev Azərbaycan neftinin Bakı-Novorosiysk neft kəməri ilə Rusiya ərazisindən tranziti haqqında 1996-cı ildən qüvvədə olan müqavilənin ləğvinə dair sərəncam imzalayıb.
Rusiya və Azərbaycan arasında Azərbaycan neftinin tranzitinə dair 1996-cı ildə imzalanmış dövlətlərarası sazişə əsasən, Bakı-Novorossiysk neft kəməri ilə ildə 5 mln. tondan az olmayaraq xammal nəql edilməlidir. Neftin ötürülməsinə görə hər ton üçün $15,67 məbləğində tarif müəyyən edilib.
Azərbaycan 1997-ci ildən Bakı-Novorossiysk kəməri ilə neft nəql edir.
2012-ci ildə SOCAR şirkəti Bakı-Novorossiysk kəməri ilə 2 mln. 64 ton neft ixrac edib.