Çərşənbə günü Miqrasiya Məcəlləsi və “İctimai iştirakçılıq haqqında” qanun layihələri ikinci oxunuşda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
“İctimai iştirakçılıq haqqında” qanun cəmiyyətin dövlətin idarə olunmasında iştirakının təmin edilməsi nöqteyi-nəzərindən çox aktual sənəddir”, - deyə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, bu qanunun qəbulu cəmiyyətin daha da demokratikləşməsinə imkan yaradacaq.
“İctimai iştirakçılıq haqqında” qanun vətəndaşlar və dövlət arasında dialoqun genişlənməsinə imkan verəcək”, - deyə qeyd olunan qanun layihəsinin müəllifi, Milli Məclisin deputatı Azay Quliyev bildirib. Parlament üzvünün sözlərinə görə, “İctimai iştirakçılıq haqqında” qanun layihəsinə bir neçə mühüm düzəlişlər edilib.
“Vacib əlavələrdən biri yazılı məsləhətləşmələrin aparılması ilə bağlı ayrıca bənddir. Bu, ictimai iştirakın çox mühüm formasıdır”, - deyə A.Quliyev vurğulayıb. O qeyd edib ki, yazılı məsləhətləşmələr ictimai əhəmiyyətə malik hüquqi akt və qərarların layihələri ilə bağlı vətəndaş institutlarının rəylərini öyrənmək üçün böyük önəm kəsb edir.
“Həmçinin ictimai iştirakın prinsiplərinə təkrar baxılıb və genişləndirilib. Prinsiplər siyahısına siyasi plüralizm, bərabərliyin təmin olunması və diskriminasiyaya yol verilməməsi kimi anlayışlar əlavə olunub”, - deyə A.Quliyev bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin “İctimai Şuranın səlahiyyət müddəti və seçim qaydaları” ilə bağlı 7-ci maddəsinə əlavə edilən bəndə əsasən, bir nəfər yalnız bir ictimai şuranın üzvü ola bilər.
“Mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuralar üçün vahid nizamnamə hazırlanacaq”, - deyə A.Quliyev qeyd edib.
Bundan başqa, hər 3 komitənin üzvləri Miqrasiya Məcəlləsi layihəsinə dair təkliflər irəli sürüblər.
İclasın sonundahər iki sənəd ikinci oxunuşda baxılması Milli Məclisin plenar iclasına tövsiyə olunub.