I rübdə Azərbaycanda pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% artaraq 152,9 manat ($195) təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
I rübdə Azərbaycanda pensiyaların orta məbləği orta aylıq əmək haqqının 37,8%-nə bərəbər olub.
2013-cü il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (DSMF) sistemində 1271,5 min nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,8%-ni təşkil edib.
Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 605,5 mln. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% çox vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadən bildirilir ki, 2013-cü il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 311 min nəfər sosial müavinət alır.
Bundan başqa, 2013-cü ilin aprel ayının əvvəlinə ölkədə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 35 min nəfər aylıq təqaüd alıb.
Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 123,3 min ailənin 542,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 26,8 manat ödənilib.