Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi dərsə gecikdiyinə görə cəza tədbiri olaraq stadionda qaçdığı zaman vəfat edib. Qeyd olunan məktəbin direktoru vəzifədən azad olunub. Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir.
Belə ki, Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun ölməsi faktı ilə əlaqədar məktəb direktoru Nargilə Səfərova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev tutduqları vəzifədən azad olunublar.
Müəyyən edilib ki, A.İlyasov da daxil olmaqla digər siniflərdən olan daha 20 şagird həmin gün dərsə gecikdiklərinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev tərəfindən qanunsuz olaraq cəza tədbiri kimi onlara məktəbin stadionunda qaçmaq göstərişi verilib. A.İlyasov həmin göstərişi yerinə yetirərək stadionda bir neçə dövrə vurduqdan sonra yıxılıb.
Görülən ilkin tibbi tədbirlərə baxmayaraq yeniyetmə vəfat edib.
Məlumatda həmçinin qeyd olunub ki, A.İlyasov Sumqayıt şəhər 3 saylı uşaq poliklinikasında “hipotrofik-kordimiopatiya” diaqnozu ilə qeydiyyatda olub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.