SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Rusiyanın “Transneft” şirkəti (Bakı-Novorossiysk neft kəmərinin RF ərazisində idarəçiliyini həyata keçirir) ilə neftin nəqlinə dair kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdardır. Bu barədə SOCAR-ın rəsmi bəyanatında deyilir.
“Rusiya hökumətinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Azərbaycan neftinin RF ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı il tarixli Sazişin ləğvi barədə qərarı kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, siyasi motivli bir qərar deyil, sırf iqtisadi xarakter daşıyır”, - deyə bəyanatda vurğulanır.
“Bu məsələ SOCAR üçün gözlənilməz olmadı. Hər iki tərəf müxtəlif vaxtlarda həllini tapmamış bir sıra məsələləri qaldırıb: Rusiya Federasiyası ərazisindən nəql olunarkən və Novorossiysk limanında saxlanılarkən Azərbaycan neftinin keyfiyyətinin dəyişməməsi, neftin keyfiyyət bankı, daşıma həcmlərinin artırılması, tarif və onun dəyişdirilməsi mexanizmləri”, - deyə bəyanatda bildirilir.
“Sazişdə qeyd olunur ki, tərəflərdən hər hansı biri sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməzsə, sənəd avtomatik olaraq daha bir il müddətinə uzadılır. Bu müddəaya əsasən, Rusiya tərəfinin çıxardığı qərar Sazişin şərtlərinə tam uyğundur. Təqvim ili başa çatmazdan altı ay qabaq Sazişin qüvvədəqalma müddətinin dayandırılması haqda xəbərdarlıq edildiyi təqdirdə həmin müddət növbəti ilin 1 yanvar tarixindən etibarən dayandırılır”, - deyə bəyanatda qeyd edilir.
SOCAR Bakı-Novorossiysk neft kəmərinin yerinə yetirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair dövlətlərarası Sazişin qüvvəsinin dayandırılması bu kəmərlə Azərbaycan neftinin nəql olunmasının ümumiyyətlə dayandırılması demək deyil. ARDNŞ bu kəmərin Rusiya Federasiyası ərazisində idarəçiliyini həyata keçirən “Transneft” şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdar olduğunu bildirir.