Azərbaycanda fəaliyyət göstərən banklar 2013-cü ilin I rübündə Bakıda müştərilərin kreditləşdirilməsini 1,7% - 11 mlrd. 369 mln. 952,3 min manatadək artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2013-cü il aprelin 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi bankların respublika üzrə bütün kredit qoyuluşlarının 87,8%-ni təşkil edir.
Cari ilin aprel ayının əvvəlinə Bakıda borcalanların müddəti ötmüş kreditlərinin həcmi 646 mln. 754,5 min manat və ya paytaxtda verilmiş bütün kreditlərin 5,7%-ni təşkil edib.
Ümumilikdə, Bakıda banklar tərəfindən kreditlər illik orta hesabla 14,3%, respublika üzrə isə 15% dərəcəsi ilə verilir.
2013-cü il aprelin 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 7 mlrd. 504 mln. 120,9 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 3 mlrd. 865 mln. 831,4 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə dərəcə orta hesabla 14,2%-ə, xarici valyuta ilə - 14,4%-ə bərabərdir.
2013-cü il aprelin əvvəlinə Bakıda borcalanlara banklar tərəfindən ümumi məbləği 3 mlrd. 34 mln. 382,9 min manat olan qısamüddətli (I rüb ərzində azalma 10,9% - İF-Az), 8 mlrd. 335 mln. 569,4 min manat məbləğində uzunmüddətli (artım 7,3%) kreditlər verilib. Uzunmüddətli kreditlər milli valyuta ilə 13,4%, xarici valyuta ilə 12,7% dərəcəsi ilə verilir.
2013-cü il aprelin 1-nə regionlarda bankların kreditləşmə üzrə portfeli 1 mlrd. 583 mln. 876,9 min manat (2013-cü ilin I rübündə artım 2,4% - İF-Az) təşkil edir.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Abşeron iqtisadi rayonunda 359 mln. 626,3 min manat (illik orta dərəcə 18,4%), Aran iqtisadi rayonunda 536 mln. 384,3 min manat (20,5%), Gəncə-Qazax iqtisadi rayonunda 210 mln. 535,1 min manat (21,8%), Lənkəran iqtisadi rayonunda 166 mln. 635,6 min manat (24%) həcmində kredit verilib.
Kreditləşdirmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.