Mayın 25-də Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında məlumat verilir.
Bu, Azərbaycan-Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda keçirilən üçüncü biznes forumdur.
Biznes forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan və Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili iştirak edəcəklər.
Tədbirdə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
2012-ci ildə Tbilisidə və Qarsda Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamlarının üçtərəfli formatda biznes forumları keçirilib.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.