15-26 may tarixlərində Fransanın Kann şəhərində keçirilən 66-cı beynəlxalq kinofestivalında Azərbaycan pavilyonu açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir.
Azərbaycan pavilyonunda son illərdə lentə alınmış filmlərimiz, kinomuzun tarixini və bu gününü əks etdirən çap və reklam məhsulları nümayiş etdiriləcək. Ölkəmizin biznes və turizm imkanlarını nümayiş etdirən disklər, reklam və video çarxlar festivalın qonaqlarına və iştirakçılarına təqdim ediləcək.
"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov xarici prodüserlərlə görüşlər keçirəcək.