Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 145,3 mln. manat güzəştli kredit verib. Bu barədə fondun saytında məlumatda verilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 1397 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 5,3 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən vurğulanır.
Cümə günü SKMF tərəfindən Ağdam rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə 90-na yaxın məcburi köçkün sahibkar iştirak edib.
Ş.Abdullayev bildirib ki, indiyədək fond tərəfindən 971 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 20,3 mln. manat kredit verilib. Tədbir çərçivəsində 62 məcburi köçkün sahibkara 685,9 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.