2013-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətin müsbət saldosu $5 mlrd. 270 mln. 568,61 min təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DSK-nın məlumatına əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $11 mlrd. 567 mln. 301,91 min təşkil edib (artım 2,05%).
Bununla yanaşı, həmin dövrdə ixracın həcmi $8 mlrd. 418 mln. 935,26 min, idxalın həcmi $3 mlrd. 148 mln. 366,65 min təşkil edib. 2012-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac 0,17% azalıb, idxal 2,05% artıb.
İxrac strukturunda 83,55% neftin, 4,89% neft məhsullarının, 4,33% təbii qazın, 0,3% meyvə-tərəvəz məhsullarının, 0,16% çayın, 0,89% bitki və heyvan mənşəli yağların, 0,95% qəndin, 0,13% spirtli və spirtsiz içkilərin, 0,25% kimya məhsullarının, 0,11% pambıq liflərin, 0,48% qara metal və ondan hazırlanan məmulatların, 0,34% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxal strukturunda 10,09% ərzaq məhsullarının, 3,04% tütün və tütün məhsullarının, 1,2% sementin, 2,09% əczaçılıq məhsullarının, 3,17% odun və oduncaqdan hazırlanan məhsullarının, 13,24% qara metal və ondan hazırlanan məmulatların, 27,91% maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların ehtiyat hissələrinin, 10,88% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,74% mebelin payına düşüb.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 2624 dövlət və özəl müəssisə və 1210 fiziki şəxs iştirak edib.
Yanvar-aprel aylarında Azərbaycan dünyanın 132 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Əsas ixrac əməliyyatlarını İtaliya (19,52%), İndoneziya (11,56%), Tailand (11,01%), Almaniya (8,4%), idxal əməliyyatlarını isə Rusiya (15,17%), Türkiyə (13,74%), Böyük Britaniya (9,39%) və Almaniya (7,37%) ilə həyata keçirib.