2013-cü il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları $47 mlrd. 143 mln. təşkil edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilmiş 2013-cü ilin I rübündə ərzində bankın Pul Siyasəti İcmalında qeyd edilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatları $46 mlrd. 99 mln. təşkil edib. Beləliklə, 2013-cü ilin I rübündə respublikanın valyuta ehtiyatları 2,2% artıb.
“Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları respublikaya 3 illik məhsul və xidmətlərin idxalına kifayət edir. Valyuta ehtiyatları Azərbaycanın xarici borcundan 8 dəfə çoxdur”, - deyə sənəddə qeyd olunur.
2013-cü il aprelin əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları respublika üzrə ÜDM-in təxminən 70%-ni təşkil edir. Bu göstərici üzrə respublika dünyanın aparıcı 15 ölkəsi sırasına daxildir. “Valyuta ehtiyatlarının bu cür yüksək templə artımı güclü makroiqtisadi bufer formalaşdıran amildir”, - deyə icmalda vurğulanır.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.