Mayın 18-19-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində XX əsrin ikinci yarısında yaşayıb-yaratmış məşhur meksikalı dramaturq Emilio Karbalidonun əsəri əsasında hazırlanmış və Nina Çusovanın quruluş verdiyi “İki ətirli qızılgül” musiqili komediyasının premyerası olub. Tamaşada rolları Rusiyanın tanınmış kino və teatr artistləri ifa ediblər.
İspan dilində mahnılar, hərarətli rəqslər, parlaq kostyumlar, yumor, sevgi və xəyanət – bütün bunlar “İki ətirli qızılgül” tamaşasının tərkib hissəsini təşkil edib.
Səhnəyə Rusiyanın xalq artisti L.Udoviçenkonun çıxması tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Aktrisanın səhnədə improvizasiyası (“Azərbaycan şərabı” və “Bakı pomidorları”) tamaşaçılarda bol müsbət hisslər oyadıb.
Rusiyanın əməkdar artisti Janna Epple möhtəşəm oyunu ilə hər kəsi valeh edib. Söylədiyi hər söz tamaşaçılarda gülüş doğurub. Hiss olunurdu ki, aktrisa qəhrəmanının coşqunluğu, gülərüzlü olması və nikbinliyi ilə zalın yarısının böyük rəğbətini qazana bilib.
Rusiyanın əməkdar artisti Evklid Kyurdzidisin “səssiz” rolunu xüsusi qeyd etmək istərdim. Heç bir söz söyləmədən aktyor ehtiraslı Latın Amerika kişisinin parlaq obrazını yaratmağı bacardı. Onun ispan dilində mahnıları canlı ifa etməsi təcrübəli bakılı tamaşaçıları sevindirdi.
Bütövlükdə artistlərin çıxışı tamaşaçılar tərəfindən mehribanlıqla qarşılandı.
Hətta tamaşa bitdikdən sonra aktyorlar obrazdan çıxmayaraq artıq tamaşaçılarla improvizasiya etməkdə davam edirdilər.
Tamaşaçılar arasında Azərbaycanın tanınmış aktyorlarını görmək olardı – xalq artisti Səfa Mirzəhəsənov, respublikanın əməkdar artistləri Natalya Şarovskaya və Yevgeniya Nevmerjitskaya və başqaları.
Tamaşanın süjet xəttini məhəbbət uçbucağı təşkil edir. Onun iştirakçıları bir kişiyə aşiq olmuş və aldadılmış iki qadındır. Bir sıra təsadüflər nəticəsində qadınları eyni kişiyə olan ümumi hiss və duyğular birləşdirir və onlar rəfiqə olurlar.
Tamaşada iştirak edirlər: Rusiyanın xalq artisti Larisa Udoviçenko, əməkdar artistlər Janna Epple, Evklid Kyurdzidis, artistlər Pavel Yefremov, Sergey Krivov, Andrey Karpov, musiqiçilər Aleksey Sokolov və Arseni Strokovski.