Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
İmtahanlar mayın 19-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Lənkəran, Şirvan və Quba şəhərlərində keçirilib. 30 test tapşırığının həllinə 45 dəqiqə vaxt ayrılıb.
İlkin məlumatlara əsasən, imtahanda qayda pozuntularına yol vermiş 10 şagirdin nəticələri ləğv olunub.
Hər düzgün cavab bir balla qiymətləndirilir. Bununla yanaşı, səhv cavablar ümumi nəticəyə təsir etmir. Minimum keçid balı 15-dən az olmamalıdır.
Mayın 19-da keçirilmiş imtahandan keçməyən və bu imtahanda iştirak etməyən abituriyentlər mayın 23-də Azərbaycan dilindən test imtahanı vermək imkanı əldə edirlər.