Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, keçmiş Sovet İttifaqı xalqlarının da həyatında böyük rol oynayıb. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
Dünən Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin canlanmasında mühüm rol oynayıb.
“Onun səyləri sayəsində Azərbaycan-Rusiya münasibətləri mürəkkəb transformasiya mərhələsini uğurla dəf edərək, konstruktiv əməkdaşlığa əsaslanan yeni inkişaf pilləsinə çatıb “,-deyə o əlavə edib.
Ə.Həsənov qeyd edib ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisə olub .
“Bu səfər iki ölkənin münasibətlərində yeni mərhələ açıb. O dövrdə Heydər Əliyev V.Putinin səfərini tarixi hadisə kimi səciyyələndirmişdi”, - deyən şöbə müdiri vurğulayıb ki, Rusiya ilə qarşılıqlı münasibətlər dərin tarixi köklərə əsaslanır və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
“Azərbaycan dövləti Rusiya ilə mehriban qonşuluq və dostluq əlaqələrinin, keyfiyyətcə yeni dinamika kəsb edən və etimada əsaslanan münasibətlərin möhkəmlənməsi və inkişafı məsələsində qətiyyətli mövqe tutur. Bu gün Prezident Vladimir Putin və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xətt sayəsində Azərbaycan-Rusiya münasibətləri hərtərəfli strateji qarşılıqlı fəaliyyət və tərəfdaşlıq səviyyəsinə çatıb. Bu gün ölkələrimiz ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə uğurla əməkdaşlıq edir”, - deyə o bildirib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan Rusiyanın bir sıra regionları, o cümlədən Həştərxan vilayəti ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Bu vilayətlə Azərbaycan arasında imzalanmış onlarla saziş müxtəlif layihələrin həyata keçirilməsinə imkan yaradır. O, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələrə nümunə kimi Heydər Əliyevin adını daşıyan parkın və məktəbin, Rusiya-Azərbaycan Dostluq Körpüsünün açılmasını göstərib.
“Bugünkü tədbir Azərbaycan ilə Rusiya arasında sarsılmaz dostluğun parlaq təzahürü, qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi və əməkdaşlığın genişlənməsi işinə sanballı töhfədir. Azərbaycan bundan sonra da Rusiya ilə əməkdaşlıq sahələrini genişləndirəcək”, - deyə Ə.Həsənov söyləyib.
“Böyük və kiçik millətlər yoxdur, öz millətini və deməli, öz ölkəsini ucaldan görkəmli şəxsiyyətlər var. Belə şəxsiyyətlər arasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi yer tutur”, - deyə tədbirdə çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin vurğulayıb.
O qeyd edib ki, müasir Azərbaycanın uğurları, tərəqqisi və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.
“Heydər Əliyev çətin dövrdə Azərbaycana rəhbərlik edib. Lakin o, nəinki ölkədə vəziyyəti sabitləşdirməyə nail olub, həm də müstəqil Azərbaycanın sonrakı davamlı sosial-iqtisadi inkişaf şəraitini təmin edib”, - deyə qubernator vurğulayıb.
A.Jilkin söyləyib ki, bu gün Azərbaycan postsovet məkanındakı bütün dövlətlərdən daha dinamik inkişaf edən ölkədir.
Onun szölərinə görə, bu gün Azərbaycan Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yaratdığı imkanlardan istifadə edir.
“Şübhəsiz, bugünkü Azərbaycan ona ən yaxşı abidədir”,- deyə o əlavə edib.
Sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin “Gənclər təbiətə münasibətdə zorakılığın əleyhinədir” layihəsi çərçivəsində Həştərxanda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycanın və Həştərxan vilayətinin yaradıcı kollektivlərinin iştirak etdiyi konsert proqramı ilə davam edib.
Tədbir başa çatandan sonra Həştərxanda möhtəşəm atəşfəşanlıq olub.
Həmin gün Həştərxanda H.Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ümummilli liderin adını daşıyan orta məktəbdə “Heydər Əliyev irsi” yaradıcılıq müsabiqəsinin
qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov tədbiri açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun, Nərimanov rayon İcra Hakimiyyətinin və Həştərxan vilayəti Administrasiyasının dəstəyi ilə Həştərxanda keçirilən silsilə tədbirlər bu gün başa çatır.
Həştərxan vilayətinin baş naziri Konstantin Markelov həm Azərbaycan, həm də bütövlükdə Sovet respublikaları üçün çox iş görmüş Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlərin əhəmiyyətini vurğulayıb. “Ölkələrimiz arasında çox yaxşı iqtisadi, siyasi və sosial əlaqələr var. Rusiya və Azərbaycan prezidentlərinin dəstəyi ilə Həştərxanda həyata keçirilən layihələr buna sübutdur. Həştərxanda məktəb, park, uşaq şəhərciyi salınıb. Bundan əlavə, burada knyaz Vladimirə abidə ucaldılacaq”, - deyə o bildirib.
Baş nazir söyləyib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda uşaq bağçası tikiləcək. Onun sözlərinə görə, bu il Bakıda Azərbaycan ilə Həştərxan vilayəti arasında dostluğun rəmzi olan park salınacaq, abidə qoyulacaq.
Vilayət rəhbəri A.Jilkin bayram tədbirində çıxışında deyib ki, Həştərxan Dövlət Universitetində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi üzrə mərkəz yaradılacaq. Həmin mərkəzdə Azərbaycan dili üzrə tərcüməçilər hazırlanacaq.
“Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur. Həştərxan vilayəti bu münasibətlərdə xüsusi rol oynayır. Azərbaycan ilə Həştərxan vilayəti arasında hökumətlərarası saziş imzalanıb və bu vilayətlə əlaqələr dinamik inkişaf edir”, - deyə Ə.Həsənov bildirib.
O, Heydər Əliyevə həsr edilmiş yubiley tədbirləri keçirilməsi təşəbbüsünə görə Həştərxan vilayətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Həştərxan vilayətindəki Azərbaycan diasporunun rəhbərləri iştirak ediblər.