Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Ağdam rayonunda müasir soyuducu anbar kompleksinin, kiçik və ya orta həcmli tərəvəz emalı, kiçik həcmli çörək istehsalı müəssisəsinin və kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Ağdam rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.