Bakıda “Avropa məkanında yeni çağırışlar: gənc alimlərin I Beynəlxalq Bakı Forumu” öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Forumda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə qeyd edib ki, Forumun keçirilməsində məqsəd ayrı-ayrı ölkələrin müxtəlif elm sahələrini təmsil edən gənc alimləri arasında münasibətlərin inkişafı, o cümlədən elmi bilik mübadiləsinin aparılmasıdır.
Onun sözlərinə görə, Azərbaycan dünya elmi ilə əməkdaşlığa dair dövlət proqramlarına malikdir.
“Azərbaycanın elmin inkişafında strateji siyasəti respublikada prioritet istiqamətdir”, - deyə A.Əlizadə bildirib.
Milli Məclisin deputatı Hadı Rəcəbli tədbirin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Azərbaycanda elmin inkişafına xüsusi diqqət ayrılır.
“Yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq “Elm haqqında” Qanunun işlənib hazırlanması buna misaldır”, - deyə o bildirib.
Forumun işində 30-dan artıq ölkədən 160 gənc alim və 190 yerli elm nümayəndəsi iştirak edir.