Azərbaycanin xarici işlər naziri Elmar Məmmədyarov ilin sonunda respublikada seçkilər başa çatdıqdan sonra Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə ümid edir.
“Ermənistanda seçkilər artıq başa çatıb. Azərbaycanda isə ilin sonuna kimi bitməlidir. Düşünürəm ki, seçkilərdən sonra bu mürəkkəb, lakin həll oluna biləcək münaqişənin nizamlanması üçün səyləri ikiqat, hətta üçqat artırmaq lazım gələcək”, - deyə E.Məmmədyarov RF XİN başçısı Sergey Lavrovla çərşənbə axşamı Moskvada baş tutmuş danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ümid edirlər ki, hazırda danışıqlar prosesində müşahidə olunan, Ermənistanda və Azərbaycanda seçkilərin keçirilməsinin səbəb olduğu durğunluq aradan qaldırılacaq.
S.Lavrov bəyan edib ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında bundan sonra da kömək etmək niyyətindədir.
“Biz üç əsas beynəlxalq vasitəçilərdən biriyik və həm ATƏT-in Minsk Qrupunun həmsədri qismində, həm də Bakı və İrəvanla ikitərəfli münasibətlərimiz çərçivəsində tərəflərə məqbul həll yollarının axtarılmasında bundan sonra da kömək etmək niyyətindəyik”, - deyə S.Lavrov bildirib.